Vinçentso İtalyano “Fiorentina”dan gedəcəyini bəyan etdi

“Fiorentina”nın baş məşqçisi Vinçentso İtalyano cari mövsümün sonunda müqaviləsinin başa çatması ilə “bənövşələr”dən ayrılacağını bəyan edib.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Səyahət mənim üçün, hətta qənimət qazanılmamış olsa da, əla idi. Mən gedirəm, amma yaratdığımız münasibət əbədi olaraq qalacaq. Getmək qərarına gəldim, çünki müəyyən səviyyəyə çatanda və daha da irəli gedə bilməyəndə, mühit isə səndən daha çoxunu tələb edəndə, məncə, ayrılmağın vaxtıdır. Biz səhifəni çevirib yeni fikirlər və yeni düşüncələr üçün yer boşaltmalıyıq – mən prezidentə belə demişəm”, deyə İtalyano bildirib.

Vinçentso İtalyano “Fiorentina”nın sükanı arxasına 2021-ci ilin iyulunda keçib. İtalyan mütəxəssisin Florensiya təmsilçisi ilə müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.

Çalışdırdığı müddətdə İtalyano “bənövşələri” 162 oyuna çıxarıb, 79 qələbə, 34 heç-heç, 49 məğlubiyyət yaşayıb. Topların fərqi isə 272:199 nisbətindədir.

Artıq başa çatmış 2023/2024-cü illər mövsümü İtaliya A Seriyasını İtalyanonun “Fiorentina”sı 60 xalla yarış cədvəlinin 8-ci pilləsində başa vurub və növbəti mövsümdə Konfrans Liqasında iştirak hüququ əldə edib. İtalyan mütəxəssis “Firentina” ilə ardıcıl iki dəfə Konfrans Liqasının finalına yüksəlsə də, 2022/2023-cü illər mövsümündə “Vest Hem”ə (1:2), 2023/2024-cü illər mövsümündə isə “Olimpiakos”a məğlub olaraq, qəniməti əldən verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: