“Fiorentina”nın baş məşqçisi Vinçentso İtalyano Pirey “Olimpiakos”u ilə Konfrans Liqasının qarşıdakl final oyunu haqda danışıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Biz hamımız yenidən finala çıxdığımız üçün xoşbəxtik. Florensiya üçün, klub üçün, özümüz üçün həqiqətən vacib bir qənimət qazanmaq imkanımız var. Ümidvaram ki, keçənilki təcrübə bizə kömək edəcək, xüsusən hazırlıq zamanı. Futbolçuların sakit olduğunu görürəm və onların bütün güclərini verəcəklərinə şübhəm yoxdur.
Praqa finalındakı məğlubiyyət məni, futbolçuları və klubu hələ də ağrıdır. Biz özümüzü bərpa etmək və bu məyusluğu keçmişdə buraxmaq üçün hər şeyi edəcəyik”, deyə Vinçentso İtalyano bildirib.
Xatırladaq ki, “Fiorentina” Konfrans Liqasının ötən, 2022/2023-cü illər mövsümünün finalında “Vest Hem”lə oyunda favorit sayılsa da, gözlənilmədən 1:2 hesabı ilə məğlub olmuşdu.
Konfrans Liqasının 2023/2024-cü illər mövsümünün final oyunu isə bu gün, mayın 29-da Yunanıstan paytaxtı Afinanın “Ayya-Sofiya” stadionunda (“OPAP Arena”) keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


