Madrid “Real”ının ulduz futbolçusu Vinisius Junior İspaniya nəhəngi ilə yeni uzunmüddətli müqavilə imzalamasını emosional şəkildə şərh edib.
Arena.az xatırladır ki, Madrid klubu ilə 26 yaşlı braziliyalı hücumçunun yenilənmiş müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədə olacaq.
“Bernabeuda 8 il çox azdır… Daha altı il və həmişəlik, “Real”, – deyə ulduz futbolçu sosial şəbəkələrdəki rəsmi hesabında yazıb.
Maraqlıdır ki, bu paylaşım Avropa mətbuatında yayılan çoxsaylı söz-söhbətlərdən sonra gəlib. Müqavilənin uzadılması ilə bağlı rəsmi açıqlamadan qısa müddət əvvəl futbolçu gözlənilmədən sosial şəbəkə hesabından Madrid klubu ilə bağlı bütün paylaşımları silmişdi. Lakin müqavilənin rəsmi şəkildə uzadılmasından dərhal sonra braziliyalı futbolçu susqunluğuna son qoyaraq yeni paylaşım edib və bununla da gələcəyi ilə bağlı bütün suallara aydınlıq gətirib.
Vinisius Junior 2018-ci ilin yayından “Real”ın formasını geyinir. O, həmin vaxt doğma ölkəsinin “Flamenqo” klubundan 45 milyon avro qarşılığında İspaniya nəhənginə keçib.
Braziliyalı hücumçu ötən mövsüm də Madrid klubunun hücum xəttinin əsas futbolçularından olduğunu təsdiqləyib. O, bütün turnirlərdə 53 oyuna çıxaraq 22 qol vurub və 14 məhsuldar ötürmə edib.


