Braziliya millisinin və İspaniya çempionu “Real”ın sol vingeri Vinisius Junior dünyanın ən bahalı futbolçularından birinə çevrilib.
Arena.az məlumat verir ki, nüfuzlu “Transfermarkt” internet-portalı ənənəvi olaraq mövsümün yekunları üzrə futbolçuların yenilənmiş transfer qiymətlərini təqdim edib.
Ən gözəçarpan məqam, Vinisius Juniorun dünyanın ən bahalı futbolçularından birinə çevrilməsi olub. Braziliyalı ulduzun transfer dəyəri 150 milyon avro məbləğdən 30 milyon avro məbləğində bahalaşaraq, 180 milyon avro məbləğə çatıb. Bu isə Vinisius Juniorun dünyanın ən bahalı 4 fitbolçusundan biri olması deməkdir.
Xatırladaq ki, digər ən bahalı üç futbolunun da transfer qiyməti 180 milyon avro məbləğindədir. Bunlar – “Rea”ın ingilis mərkəz müdafiəçisi Cud Bellingem, həmçinin “qaymaqlılar”ın fransalı hücumçusu Kilian Mbappe və “Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Halanddır.
Vurğulayaq ki, dünyanın ən bahalı 4 futbolçusundan 3-ü “Real”ın heyətində yer alıb.
Mövsüm boyu göstərdiyi yüksək səviyyəli oyunu müqabilində hazırda Vinisius Junior “Qızıl top”a ən gerçək namizəddir.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı vinger “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 24 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.
Vurğulayaq ki, “Vinni” mövsümün xeyli hissəsini zədəli olub.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 264 oyun, 83 qol, 75 məhsuldar ötürmə.
“Vinni” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 28 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


