Vladislav Kulaç “Zirə”dən getdi – Özəl

2023-cü ilin yanvarından “Zirə”nin uğurları üçün çalışan ukraynalı hücumçu Vladislav Kulaç Azərbaycan klubundan ayrılıb.

Arena.az saytının əldə etdiyi məlumata görə, 30 yaşlı forvardla paytaxt klubu arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Hazırda azad agent statusuna malik futbolçunun karyerasını harada davam etdirəcəyi bilinmir.

Xatırladaq ki, Kulaç ötən ilin yanvarında Ukraynanın “Dinamo” (Kiyev) klubundan azad agent kimi ayrılmış və “Zirə” ilə ilyarımlıq müqavilə bağlamışdı. Onun qəsəbə təmsilçisi ilə bu mövsümün sonunadək müqaviləsi vardı. Lakin tərəflər mövsümün sonunu gözləmədən, indi ayrılmağa qərar veriblər.

Vladislav Kulaç Donetsk “Şaxtyor”unun yetirməsidir. O, ölkəsində “Şaxtyor”dan başqa “İliçevets” (Mariupol), “Metallurq” (Zaporojye), “Stal” (Dnepropetrovsk), “Zarya” (Luqansk), “Vorskla” (Poltava), “Aleksandriya” kimi klubların da formasını geyinib. Türkiyənin “Əskişəhərspor” və Macarıstanın “Honved” klublarında da legioner həyatı yaşamış futbolçu, “Zirə”də bütövlükdə 24 oyun keçirib. O, bu oyunlarda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: