Futbol üzrə Azərbaycan milli komandasının cinah hücumçusu Vüsal İsgəndərli Kosovo klubu “Malişeva”nın heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçunun komandası Kosovo çempionatının 2026/2027-ci illər mövsümünün 4-cü turu çərçivəsində bu gün “Gilyani” ilə üz-üzə gəlib.
“Malişeva” bu rəqiblə doğma meydanda baş tutmuş oyundan 3:1 hesablı qələbə ilə ayrılıb. Vüsal bu görüşün start heyətində yer alıb və komandasının qələbəsində əsas pay sahiblərindən biri olub. Belə ki, “Malişeva”nın hər üç qolunu azərbaycanlı futbolçu vurub. O, 10-cu, 71-ci və 75-ci dəqiqələrdə fərqlənib.
“Malişeva” bu nəticədən sonra 10 xalla yarış cədvəlinin ilk pilləsində qərarlaşıb. İsgəndərlinin komandası 4 oyuna 3 qələbə qazanıb, 1 heç-heçə edib.
Xatırladaq ki, Vüsal İsgəndərli “Malişeva”ya bu yay qoşulub. O, Kosovo klubunun heyətində 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Millimizin futbolçusu daha öncə Albaniyanın “Partizani”, “Eqnatiya”, “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.


