“İmişli”dən ayrılmış hücumameyilli yarımmüdafiəçi Vüsal Qənbərov Premyer Liqanın digər təmsilçisi “Şəfa” ilə rəsmi müqavilə bağlayıb.
Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, 23 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. Transferin digər detalları barədə məlumat verilməyib.
Xatırladaq ki, Vüsalın “Şəfa”ya keçdiyini daha öncə “İmişli” xəbər yaymışdı. Əyalət klubu Vüsala xidmətləri üçün təşəkkür etmiş, ona gələcək karyerasında uğurlar arzulamışdı.
Vüsal Qənbərov 2024-cü ildən “İmişli”də çıxış edirdi. O, əyalət təmsilçisinin heyətində 21 oyuna çıxsa da, cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi daha öncə “Səbail”, “İrəvan” və “Şamaxı” kimi klubların da formasını geyinib.
Qənbərov vaxtilə Azərbaycanın U-16, U-17 və U-19 yığmalarında da oynayıb. Amma ona gənclərdən ibarət millimizdə və əsas yığmada debüt etmək qismət olmayıb.


