Xədicə Qədəşova Zaqrebdə Azərbaycan tarixinə düşdü!

Azərbaycanın yeniyetmə cüdoçusu Xədicə Qədəşova Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında tarixi nəticəyə imza atıb.

Arena.az xəbər verir ki, idmançımız buna dünya çempionatında qızıl medal qazanmaqla nail olub.

52 kq-da mübarizə aparan Xədicə 1/16 finalda serbiyalı Mina Qaciçi üstələyib. O, 1/8 finalda ispaniyalı Mariya Monteneqroya da qalib gəlib. 1/4 finalda braziliyalı Rafaela Rodrigeslə görüşən Qədəşova onu da mübarizədən kənarlaşdırıb. Cüdoçumuz yarımfinalda Almaniya təmsilçisi Maya Toszegi ilə dueldən də qalib ayrılmaqla finala yüksəlib. Həlledici görüşdə fransalı Alisiya Pulanja rəqib olan Xədicə ona da qalib gəlməklə dünya çempionu olub.

Bununla da Qədəşova Azərbaycanda bütün yaş kateqoriyalarında dünya çempionu olan ilk xanım cüdoçu kimi tarixə düşüb.

Xatırladaq ki, Xədicə Qədəşova bu il Portuqaliyada keçirilən yeniyetmələrin Avropa çempionatında da bürünc medal əldə etmişdi.

Musayevlə Yusubov dünya ikincisi oldular

Bu gün Azərbaycanın daha dörd yeniyetmə cüdoçusu dünya çempionatında qüvvəsini sınayıb.

60 kq-da mübarizə aparan Məhəmməd Musayev 1/16 finalda Belçikanı təmsil edən Amsar Camaldinovu məğlub edib. 1/8 finalda Fransa təmsilçisi Yohan Qbinqbehi ilə dueldən qalib ayrılan idmançımız 1/4 finalda rumıniyalı Tudor Mosoini də məğlub edib. Musayev yarımfinalda litvalı Simas Polikeviçyusdan güclü olub. İdmançımız yalnız finalda İsrail təmsilçisi İzak Aşpizə uduzaraq dünya ikincisi olub.

66 kq-da yarışan Əbil Yusubov 1/16 finalda Mişiqtoqo Tsedendamba (Monqolustan) ilə üz-üzə gəlib və rəqibinə qalib gələrək növbəti mərhələyə yüksəlib. Daha sonra ukraynalı Danilo Fedoriki də məğlub edən cüdoçumuz 1/4 finala yüksəlib. Əbil 1/4 finalda özbəkistanlı İnoyat Telmanovdan da güclü olub. Yusubov yarımfinalda gürcüstanlı Giorgi Givişvilini məğlub edib. Finalda polşalı Şimon Şuliklə üz-üzə gələn Yusubov da ikinci yerlə kifayətlənib.

Cəsur İbadlı (66 kq) 1/32 finalda Paraqvay təmsilçisi Aqustin Ledesmaya qalib gəlib. 1/16 finalda İsrail təmsilçisi Tom Bulociniçlə qarşılaşan cüdoçumuz bu rəqibinə də qalib gəlib. İbadlı 1/8 finalda braziliyalı Antonio Roşaya rəqib olub. O, bu rəqibinə uduzaraq mübarizəni dayandırıb.

48 kq-da yarışan Vüsalə Hacıyeva 1/16 finalda ispaniyalı Klaudia Pla Belmontedən güclü olub. Lakin o, nvövbəti raundda özbəkistanlı Zarina Camalovaya yenilib.

Xatırladaq ki, Azərbaycan cüdoçuları dünya çempionatının ilk yarış günündə bir dəst medal əldə etmişdilər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İsgəndərov (55 kq) isə bürünc medala yiyələnmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: