Xabi Alonso “Qarabağ”da bəyəndiyi oyunçuları açıqladı

“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, Almaniya klubunun ispan çalışdırıcısı Bakıda baş tutan və 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Son 15 dəqiqə çox gərgin keçdi. Bütün hücumların qarşısını almağa çalışırdıq. Buna rəğmən qalib gəldik. Penaltidən də olsa, qələbə qazandıq. Hazırda qrupda birinci pillədəyik. Ancaq yenə də qələbələri sıralamalıyıq. Futbolçularımız get-gedə daha yaxşı oyun sərgiləməyə çalışırlar. “Qarabağ” bu gün heç nə ilə təəccübləndirmədi. Çünki hansı komanda ilə oynadığımızı bilirdik. “Qarabağ” güclü komandadır. Bunu nəzərə alaraq bura gəlmişdik”.

Alonso 14 il əvvəl Azərbaycana gəldiyini xatırladaraq, bu müddətdə çox dəyişikliklər olduğunu bildirib: “14 il ərzində çox böyük dəyişiklik var. Həm Azərbaycanda, həm də “Qarabağ”da. 14 il əvvəl heç “Qarabağ”ı tanımırdım. Amma indi nəyə qadir olduğunu bilirəm. İldən-ilə bu klub böyüyür, növbəti uğurlar üçün hər şeyi edir.

41 yaşlı mütəxəssisin fikrincə, penalti epizodunda hakim haqlı qərar verib: “Penaltidir, istər ilk dəqiqələrdə olsun, istərsə də son dəqiqələrdə. Əllə toxunuş var idisə, top qapıya tərəf gedirdisə, penalti verilməli idi. Referilər bu qərarı verir”.

Xabi Alonso “Bayer”lə yanaşı qrupdan hansı komandanın növbəti mərhələyə çıxacağına dair düşüncələrini də bölüşüb: “Molde” ilə “Qarabağ” arasında rəqabət gedəcək. Hansı komandanın ikinci yeri tutmağa qadir olduğunu son matç göstərəcək”.

“Bayer”in baş məşqçisi “Qarabağ”ın heyətində bəyəndiyi oyunçuların da adlarını sadalayıb: “Qarabağ” çox gözəl komplektləşib, yaxşı heyəti var. Hamısını deyə bilərəm. Marko Yankoviç, Abdullah Zubir, Olavio Juninyonun adını çəkə bilərəm. Digərlərinin xətrinə dəymək istəmirəm. Hamısı yaxşıdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: