Xabi Alonso “Qarabağ”dan Bakıda fərqli oyun gözləyir

“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, ispan mütəxəssis Bakıda keçiriləcək oyundan öncə bu gün Leverkuzendə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bizi çətin oyun gözləyir. Qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. “Qarabağ” yaxşı komandadır. Onların Azərbaycan Premyer Liqasının son turunda “Kəpəz”i 7:1 hesabı ilə məğlub etdiyi oyunu izləmişəm. Onların çox yaxşı komanda olduğunu bilirəm. Ancaq bu, Azərbaycan çempionatının matçı idi. Avropa Liqasında fərqli olur. Bununla belə, əminəm ki, “Qarabağ” Leverkuzendəki matçdan fərqli oyun ortaya qoyacaq”.

Xabi Alonso uzun səfərin onlar üçün problem olmayacağını da bildirib: “Bu, bizim üçün yeni hal deyil. Daha uzun yol qət etdiyimiz vaxtlar olub. “Qarabağ” da bura gələndə uzun yol qət etmişdi. Məqsədimiz qələbə qazanmaqdır. Buna görə də, yol amilinin çətinlik törətməyəcəyini hesab edirəm”.

“Bayer”in qapıçısı Matey Kovarj da mətbuat konfransında iştirak edib və qarşıdakı matçla bağlı düşüncələrini bölüşüb:

“Qarabağ”la birinci matçı Almaniyada oynadıq. Qələbəyə baxmayaraq, Bakıda bizi ağır oyun gözləyir. İlk oyunda “Qarabağ” tam gücünü göstərə bilmədi. Qrupda birinci olmaq istəyirik. Bunun üçün Azərbaycanda da gücümüzü göstərməliyik. Baxmayaraq ki, qonaq qismində çıxış etmək çox çətindir. Çünki komandalar öz meydanlarında bütün güclərini ortaya qoyurlar. Ancaq mən Bakıdakı qarşılaşmada komandamın uğurlu nəticə əldə etməsinə çalışacağam”.

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” matçına saat 21:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: