Leverkuzen “Bayer”inin ispan baş məşqçisi Xabi Alonso “Real”ı çalışdıra biləcəyi haqda yayılmış xəbərlərə münasibətini bildirib.
Arena.az “Marca” nəşrinə istinadən Xabi Alonsonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“’Madrid”? Sentyabrdır, hələ çox tezdir. Mən köklənmiş qalıram. Mövsümə yaxşı başladıq, bütün futbolçuların köklənmiş olmasını istəyirik. Ona görə də mən müvafiq münasibətdə birinci olmalıyam”, deyə Alonso fikrinin yalnız “Bayer”də olduğunu başa düşməyə əsas verib.
Xatırladaq ki, daha əvvəl Xabi Alonsonun klubla müqaviləsi gələn ilin yayında başa çatacaq “Real”ın cari baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelottini əvəzləməyə əsas namizədlərdən biri olduğu haqda məlumat yayılmışdı.
Bu arada “Real”ın baş məşqçisi Karlo Ançelotti də Xabi Alonsonun gələcəkdə “Real”ı çalışdırmasına müsbət münasibətini ifadə edib:
“Xabi Alonso? Mən onu tanıyıram, mən onu çalışdırmışam. O, böyük futbol zehninə malikdir və Leverkuzendə işinin öhdəsindən əla gəlir. Ona Raul və ya Arbeloa kimi, bir gün “Real”ın baş məşqçisi olmasını arzulayıram. Mən onların hamısını çox sevirəm. Ümid edirəm, bir gün onlar burada işləyəcəklər”, – “Madrid Universal” Ançelottidən sitat gətirir.
41 yaşlı Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin rəhbərliyi altında “Bayer” Bundesliqanın cari mövsümünə uğurla başlayıb. Hazırda “əczaçılar” 5 turdan sonra 13 xalla turnir cədvəlində 2-ci yerdə qərarlaşıblar. Xabi Alonsonun yetirmələri 4 qələbə qazanıblar, 1 heç-heçə ediblər, top fərqi isə 17:6 nisbətindədir.
Xatırladaq ki, “Bayer” Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən biridir.


