“Xarı Bülbül” “Panatinaikos”a ilk oyunda məğlub oldu

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xarı Bülbül” (Şuşa) komandası Çelenc kubokunda bu gün növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Şuşa təmsilçisi 1/16 final mərhələsində Yunanıstanın “Panatinaikos” kollektivi ilə mübarizə aparır.

Bu rəqiblə ilk matç Bakıda baş tutub. Ziya Rəcəbovun baş məşqçisi olduğu kollektiv Yunanıstan təmsilçisini Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qəbul edib. Qarşılaşma təmsilçimiz üçün uğursuz alınıb. Oyun qonaqların 3:0 (25:20, 25:17, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb.

Afina təmsilçisi ilə cavab görüşü noyabrın 29-da Yunanıstanda reallaşacaq.

Xatırladaq ki, “Xarı Bülbül” Çelenc kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub etmişdi (3:0, 3:1).

Xəbəri sosial şəbəkələrdə paylaş: