“Xarı Bülbül”ün oyunu təxirə salındı – Avrokubok matçına görə

Çağırış kubokunda mübarizə aparan “Xarı Bülbül” (Şuşa) klubu Azərbaycan Voleybol Federasiyasına (AVF) müraciət ünvanlayıb.

Arena.az xəbər verir ki, müraciət bu gün (23 noyabr) Yüksək Liqa çərçivəsində keçirilməsi nəzərdə tutulan oyunun təxirə salınması ilə bağlıdır.

Sənəddə bildirilir ki, Şuşa klubu Çağırış kubokunun 1/16 final mərhələsi çərçivəsində noyabrın 29-da Yunanıstan “Panathinaikos” komandası ilə cavab matçına çıxacaq. Komandanın bu oyuna səmərəli hazırlaşa bilməsi üçün noyabrın 23-də Azərbaycan çempionatında keçirilməsi nəzərdə tutulan “Xarı Bülbül”lə (Laçın) matçın təxirə salınması xahiş olunub.

AVF daxil olmuş müraciəti nəzərə alaraq, noyabrın 23-ə planlaşdırılan Şuşa və Laçın təmsilçiləri arasındakı matçın təxirə salınması ilə bağlı qərar qəbul edib. Beləliklə, bu gün Yüksək Liqada yalnız bir qarşılaşma baş tutacaq. Saat 19:00-da “Azərreyl” – “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər. Bu oyun “CBC sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, təxirə salınan “Xarı Bülbül” (Şuşa) – “Xarı Bülbül” (Laçın) matçının keçiriləcəyi tarix haqqında məlumat veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: