“Barselona”nın baş məşqçisi Xavi Kataloniya komandasının son iki məğlubiyyətini şərh edərək, irəliyə nikbin baxdığını açıqlayıb.
Arena.az “Goal” dərgisinə istinadən, Xavinin bu barədə fikirlərini təqdim edir:
“Mən nikbinəm. Düşünürəm ki, vəziyyəti düzəldə bilərəm. Dörd müxtəlif turnirdə iştirak etməyə davam edirik. Çempionlar Liqasında əsas məqsədimiz ötən mövsümlə müqayisədə nəticələrimizi yaxşılaşdırmaq idi və buna nail olduq. Bizə sadəcə olaraq toparlanmaq, diqqət toplamaq və növbəti oyun üçün daha yaxşı olmaq lazımdır”, deyə ispan mütəxəssis bildirib.
Xatırladaq ki, dekabrın 10-da “Barselona” İspaniya La Liqasının 16-cı turu çərçivəsində evdə “Jirona”ya 2:4 hesabıyla uduzub. Bundan üç gün sonra isə Kataloniya təmsilçisi Çempionlar Liqasında “Antverpen”ə məğlub olub – 2:3.
“Barselona” növbəti oyununu dekabrın 16-da “Valensiya”ya qarşı keçirəcək. Hazırda “Barselona” 34 xalla La Liqanın turnir cədvəlində 4-cüdür. “Jirona” isə 41 xalla La Liqada liderliyini sürdürür.
Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. Mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandaya Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.
Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçinin 24 ili “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il “Barselona”nın əsas komandasında çıxış edib.


