Xavi: “Bellingemin gəlişi ilə “Real” oyun sistemini dəyişib”

“Barselona”nın baş məşqçisi Xavi La Liqada qarşıdakı “el klasiko” öncəsi “Real”ın futbolçuları Bellingem, Vinisius və Qoes haqda danışıb.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir:

“Real” Bellingemin gəlişi ilə oyun sistemini dəyişib. Rodriqo və Vinisiusun sürətinə diqqət yetirməliyik. Onların üstünlükləri ən azına endirilməlidir”, deyə Xavi komandasının qarşıdakı oyuna fəaliyyət planı haqda azacıq söz açıb.

“Barselona” – “Real” oyunu bu gün – oktyabrın 28-də keçiriləcək. “Barsa”nın doğma stadionu “Kamp Nou” yenidənqurmaya bağlandığından, kataloniyalılar “el klasiko”nu “Olimpik Lyuis Kompanis” stadionunda qəbul edəcəklər. Oyuna Bakı vaxtı ilə saat 18:15-də start veriləcək.

Geridə qalmış 2022/2023 mövsümünün İspaniya çempionatı çərçivəsində kataloniyalılar və madridlilər “el klasiko”da hərəyə 1 qələbə qazanıblar: 9-cu turda Karlo Ançelottinin yetirmələri 3:1 hesabı ilə qalib gəliblər, 26-cı turda isə Xavinin “Barselona”sı “qaymaqlılar”ı 2:1 hesabı ilə məğlub edib.

Qarşıdakı “el klasiko” həm də turun mərkəzi görüşü kimi əlamətdar olacaq. Belə ki, “Real” 10 turdan sonra 25 xal toplayıb və 2-ci pillədə qərarlaşıb. “Barselona” isə 24 xalla 3-cü pillədədir. İspaniya futbolunun iki nəhəngini hazırda “Jirona” qabaqlayır. 11-ci turun açılış oyununda qələbə qazanmaqla xalını 28-ə çıtdırmış “Jirona” mövsümün ən sürpriz komandasına çevrilməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: