Xavi: “Levandovski kimi oyunçunu əvəzləmək çox çətindir”

“Barselona”nın baş məşqçisi Xavi komandanın hazırda zədəli olan polyak mərkəz hücumçusu Robert Levandovski haqda fikirlərini bölüşüb.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir:

“Mənim oyun fəlsəfəm dəyişmir. Amma demək lazımdır ki, Robert çoxyönlü oyunçudur və rəqibləri arasında qorxu doğurur. O, rəqib mərkəz müdafiəçilərinə çoxlu fəsadlar yaradır. Biz çalışacağıq ki, onu əvəz edəcək kəs də bunu eləcə də yaxşı etsin, amma bu, çətindir. Levandovski kimi dünya səviyyəli futbolçunu əvəz etmək ağır işdir”, deyə Xavi bildirib.

Xatırladaq ki, Levandonski “Barselona”nın Çempionlar Liqasının 2-ci turu çərçivəsində “Portu”ya qarşı oyunda (1:0) zədələnərək, 36-cı dəqiqədə yerini Ferran Torresə vermişdi.

Robet Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2022/2023 mövsümündə Robert Levandovski “Barselona”nın heyətində 46 oyuna çıxıb, 33 qol vurub, 8 məhsuldar ötürmə verib. Yenicə başlamış cari mövsümdə isə polyak hücumçu 9 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə verib.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava), “Delta” komandalarında da çıxış edib.

Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 144 oyun keçirib, 81 qol vurub, 31 məhsuldar ötürmə verib. Hər iki göstərici üzrə Levandovski Polşa yığmasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı Robert Levandovskini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: