Xavi Levandovskinin “el klasiko”da oynayacağına ümid edir

“Barselona”nın baş məşqçisi Xavi kataloniyalıların hücumçusu Robert Levandovskinin “Real”a qarşı oynaya biləcəyinə ümid edir.

Arena.az Xavinin bu barədə fikirlərini təqdim edir:

“Ümid edirəm ki, o, oynayacaq. O, özünü yaxşı hiss edir və irəliləyiş hiss edilir. Ola bilər ki, ağrıları var, amma oynamaq istəyir. O, liderdir. Robert meydana çıxmaq istəyir və hər gün ağrıları azalır”, deyə Xavi bildirib.

Xatırladaq ki, Levandovski sol ayağının topuq oynağındakı burxulma səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb. O, “Barselona”nın UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Portu”ya qarşı oyununda (1:0) zədələnərək, 36-cı dəqiqədə yerini Ferran Torresə vermişdi.

Robet Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Levandovski “Barselona”nın heyətində 56 oyuna çıxıb, 39 qol vurub, 12 məhsuldar ötürmə verib. Cari mövsümdə isə polyak hücumçu 10 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava), “Delta” komandalarında da çıxış edib.

Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 144 oyun keçirib, 81 qol vurub, 31 məhsuldar ötürmə verib. Hər iki göstərici üzrə Levandovski Polşa yığmasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı Robert Levandovskini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: