“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasnın 1/8 finalının “Napoli”yə qarşı keçiriləcək cavab oyunu haqda fikirlərini paylaşıb.
Arena.az bu barədə “Barselona”nın rəsmi saytına istinadən məlumat verir.
İspaniyalı mütəxəssis La Liqanın 28-ci turunda “Malyorka”ya qarşı ev oyunundan (1:0) sonra Çempionlar Liqasında fərqli oyun vəd edib:
“Çərşənbə axşamı tamamilə fərqli oyun olacaq. “Napoli”nin “Malyorka” kimi beş nəfərlik müdafiəsi olmayacaq. Onları müqayisə etmək olmaz, bu, fərqli mərhələdir, amma komanda indi çox rəqabətəqadir futbol oynayır. Çərşənbə axşamı yarışmağa hazırıq. Komanda öz formasını tapıb və əla görünür. İndi bizdə daha çox tarazlıq var, Çempionlar Liqasında isə buraxdığın hər qola görə bahasını ödəməlisən”, deyə Xavi bildirib.
Xatırladaq ki, komandalar arasında Neapoldakı oyun 1:1 hesabı ilə başa çatmışdı. Cavab oyunu martın 12-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


