“Barselona”nın baş məşqçisi Xavi La Liqanın 1-ci turu çərçivəsində qarşılaşdıqları “Xetafe” ilə oyunun (0:0) hakimlərini tənqid edib.
Arena.az İspaniyanın məşhur “Marca” nəşrinə istinadən Xavinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mən hakimə dedim ki, “Xetafe”yə çoxlu qayda pozuntularını bağışlayırlar, amma bizə yox. Bax, buna görə də o, məni qovdu. Bununla belə, mənim qovulmağım əhəmiyyət kəsb etmir. Əhəmiyyət kəsb edən, meydanda baş verənlərdir. Biz hər şeyə rəğmən, qalib gəlməyə çalışdıq, amma bacarmadıq. Düşünürəm ki, qələbəyə layiq idik, ancaq bu, kifayət deyildi. Təəssüf.
Hakim bütün bunlara icazə verir – başqa heç kim. Mən bunu xatırlatdım, məni isə buna görə qovdular. Rafinyanın qovulması baş verənlərin məcmusudur. “Xetafe”yə belə oynamağa icazə verirlər, bizə isə yox.
Rəqib vaxtı uzadır, oynamağımıza mane olur. Onun futbolu belədir, bu, normaldır. Həmçinin mən heç bir əl görmədim. Əgər əllə oyun aşkar deyilsə, fit çalmayın – bizə belə deyərdilər”, deyə Xavi narazlığını dilə gətirib.
Xatırladaq ki, oyunun sonunda VAR-a baxdıqdan sonra hakim, “Barselona”nın yarımmüdafiəçisi Qavinin iştirakı ilə məqamda əllə oyun müqabilində penalti təyin etməyib. Buna qədər isə 42-ci dəqiqədə Rafinyanı meydandan qovan baş hakim 70-ci dəqiqədə də Xavinin özünü texniki zonadan kənarlaşdırıb.


