ÇSKA-nın (Sofiya) baş məşqçisi Xristo Yanev Avropa Liqasının 2-ci raundunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Bolqarıstan komandaları arasındakı ilk görüş sabah Bakıda keçiriləcək.
Xristo Yanev qarşılaşmadan öncə təşkil edilmiş mətbuat konfransında oyuna ciddi hazırlaşdıqlarını bildirib:
“Oyuna yaxşı hazırlaşmaq imkanımız oldu. “Qarabağ”a qarşı uğurlu çıxış etmək istəyirik. Ölkə çempionatının oyunundan sonra futbolçularımız bərpa olunublar. Bütün düşüncəmizi “Qarabağ”la matça yönəltmişik. Rəqibin ötən il Çempionlar Liqasındakı görüşlərini izləmişik. Onları yaxşı təhlil etmişik və buna uyğun da mübarizə aparacağıq”.
ÇSKA-nın futbolçusu Joel Zvartz da ilk oyundan əvvəl mətbuat konfransında iştirak edib və sabah meydandan sərfəli nəticə ilə ayrıımaq istədiklərini bildirib:
“Qarşılaşmaya ciddi hazırlaşmışıq. Özümü yaxşı hiss edirəm. “Qarabağ”ın oyun üslubunu təxminən bilirik. Bu maçda hücum futbolu sərgiləmək istəyirik”.
Qeyd edək ki, “Qarabağ”la ÇSKA arasındakı ilk oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Sofiya şəhərində təşkil ediləcək.


