ÇSKA-nın (Sofiya) baş məşqçisi Xristo Yanev klubu Avropa Liqasının 2-ci raundunda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan danışıb.
Arena.az xəbər verir ki, Bolqarıstan və Azərbaycan təmsilçiləri arasındakı cavab görüşü sabah Sofiyada keçiriləcək.
Xristo Yanev bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında Ağdam təmsilçisi ilə görüşdə qələbə qazanmaq istədiklərini söyləyib:
“İlk qarşılaşmada tətbiq etməyə çalışdığımız oyun planını bu görüşdə də davam etdirmək niyyətindəyik. “Qarabağ” keyfiyyətli heyətə malikdir. Rəqibin oyun modelini ətraflı analiz etmişik və buna uyğun taktiki həllərlə meydana çıxmağa hazırlaşırıq. Heç zaman yalnız müdafiəyə çəkilməyin tərəfdarı olmamışam. Bu dəfə də məqsədim dəyişməyəcək. Hədəfimiz böyük futbol arenasında uğur qazanmaq və Bolqarıstanı güclü rəqiblər qarşısında layiqincə təmsil etməkdir. Komandamızın da üstün cəhətləri kifayət qədərdir. Top bizdə olduğu anlarda futbolçular rəqibin müdafiəsində yaranan boşluqları dəyərləndirməli və bundan maksimum faydalanmağa çalışmalıdırlar”.
Xristo Yanev komandada özünəinamın yüksək səviyyədə olduğunu bildirib:
“Komandamızın daxilində özünəinamın tədricən yüksəldiyini hiss edirik. Bu isə düzgün inkişaf yolunda olduğumuzun göstəricisidir. Bilirəm ki, Bolqarıstanda nəticələrin qısa müddətdə əldə olunması gözlənilir. Ancaq davamlı inkişaf zaman və səbir tələb edir. Biz də bütün kollektiv olaraq bu prosesi uğurla başa vurmaq və qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün birlikdə əzmlə çalışırıq”.
Xatırladaq ki, bu komandalar arasında ötən həftə Bakıda keçirilmiş ilk görüşdə hesab açılmayıb – 0:0. Sabah Sofiyada baş tutacaq cavab görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.


