ÇSKA-nın (Sofiya) baş məşqçisi Xristo Yanev Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Bolqarıstan komandalarının Bakıdakı ilk görüşü kimi, cavab oyununda da qapılara qol vurulmayıb.
Penaltilər seriyasında 5:4 üstün olan ÇSKA növbəti mərhələyə yüksəlib.
Xristo Yanev matçdan sonra jurnalistlərə açıqlamasında qazandıqları qələbənin taktiki hazırlığın nəticəsi olduğunu bildirib:
“Burada söhbət motivasiyadan yox, komandanın taktiki savadından gedir. Məşqçi heyətimi təbrik edirəm. Rəqibi təhlil etmək və ona qarşı düzgün mübarizə aparmaq üçün çox çalışdıq. Bilmirəm, insanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?”
Bolqar mütəxəssis azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını vurğulayıb:
“Bizə azarkeşlərin dəstəyi lazımdır və onlara təşəkkür edirəm. Qarşımızda 17 illik təcrübəyə malik baş məşqçi və ötən mövsüm “Benfika”ya qalib gəlmiş, “Çelsi” ilə heç-heçə etmiş komanda var idi. Göstərmək istəyirdik ki, gördüyümüz iş o qədər də pis deyil. Mənə qalan yeganə şey inamdır. Bəzən onu itirir və bu vəziyyətin öhdəsindən gəlib-gəlməyəcəyimiz barədə tərəddüd edirəm. Amma ümidsiz deyiləm. Nəyə qadir olduğumu bilirəm”.


