Ötən mövsümün bitməsilə “Qalatasaray”dan ayrılmış ispan hücumameylli yarımmüdafiəçi Xuan Mata “Vissel Kobe”yə keçib.
Arena.az xəbər verir ki, 35 yaşlı veteran futbolçu Yaponiya klubu ilə azad agent qismində anlaşıb.
“İnəklər” ispan futbolçu ilə müqavilənin müddəti və maliyyə hesabatı haqda məlumat verilməyiblər.
Xuan Mata ötən mövsümü 2022-ci ilin yayında azad agent qismində qoşulduğu “Qalatasaray”da keçirib. İspan yarımmüdafiəçi Türkiyə nəhənginin heyətində 18 oyun keçirib, 3 qol vurub, 2 məhsuldar ötürmə verib və Türkiyə çempionluğunu qazanıb.
Mata “Real”ın yetirməsidir. Yarımmüdafiəçi “qaymaqlılar”ın əvəzedici komandasında oynasa da, əsas komandaya düşə bilməyib. 2007-ci ildə “Valensiya”ya keçmiş Mata “yarasalar”ın heyətində uğurlu çıxışı ilə yadda qalıb və DÇ-2010-da İspaniya yığması ilə qazandığı çempionluq Matanın karyerasının tərəqqisinə səbəb olub. Mata 2011-ci ildə “Çelsi”yə, 2014-cü ildə isə “Mançester Yunayted”ə transfer edilib və hər iki İngiltərə klubunun heyətində uğurla çıxış edib.
Maraqlıdır ki, Mata heyətində yer aldığı bütün komandalarla titullar qazana bilib. İspan yarımmüdafiəçi ilk tituluna “Valensiya” ilə 2007/2008 İspaniya Kubokunu qazanmaqla sahib olub və vurduğu 4 qolla həmin turnirin ən sərrast futbolçusu olub. Ardınca “Çelsi” ilə 2012 İngiltərə Kubokunu, 2011/2012 UEFA Çempionlar Liqasını, 2012/2013 Avropa Liqasını, “Mançester Yunayted”lə 2016 İngiltərə Kubokunu, 2017 İngiltərə Liqa Kubokunu, 2017 İngiltərə Super Kubokunu, 2016/2017 Avropa Liqasını qazanmış Mata, ötən mövsüm “Qalatasaray”la 2022/2023 Türkiyə Super Liqasını qazanıb.
Matanın yığma komandada da uğurlu karyerası olub. Xuan 2009-cu ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 41 oyun keçirib. O, bu oyunlarda 11 qol vurub, 8 məhsuldar ötürmə verib və iki mötəbər turnirdə – DÇ-2010-da və AÇ-2012-də qələbə sevinci yaşayıb. Həmçinin Matanın muzeyində İspaniyanın U-19 və U-21 yığmaları ilə qazandığı Avropa çempionatının kubokları var.
“Transfermarkt” internet-portalı 35 yaşlı Xuan Matanı 1 milyon avro məbləğində qiymətləndirir.


