“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya İtaliya A Seriyasında 2022/2023 mövsümünün ən yaxşı oyunçusu elan edilib.
Arena.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.
Gürcüstan millisinin üzvü A Seriyasının 2022/2023 mövsümünün sonuncu – 38-ci turu çərçivəsində baş tutacaq “Napoli” – “Sampdoriya” matçından öncə mükafatlandırılacaq. İyunun 4-də keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.
Xatırladaq ki, Xviça Kvaratsxeliya bu mövsüm A Seriyası çərçivəsində 33 oyuna çıxıb. O, bu oyunlarda 12 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Gürcü vinger mövsümün əvvəlindən formasını geyindiyi Neapol təmsilçisində bütövlükdə 42 matça çıxıb, 14 qol və 17 məhsuldar ötürmə müəllifi olub.
Daha öncə “Rubin” (Kazan), “Rustavi”, “Dinamo” (Batumi), “Lokomotiv” (Moskva) və “Dinamo” (Tiflis) klublarında da oynamış Xviça, Gürcüstan millisində 20 oyuna çıxıb, 10 qol vurub. Onun atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycan milli komandasının formasını geyinib.
A Seriyasında 2022/2023 mövsümünün digər nominasiaylar üzrə də ən yaxşıları açıqlanıb:
Mövsümün ən yaxşı qapıçısı – İvan Provedel (“Latsio”)
Mövsümün ən yaxşı müdafiəçisi – Kim Min Jae (“Napoli”)
Mövsümün ən yaxşı yarımmüdafiəçisi – Nikolo Barella (“İnter”)
Mövsümün ən yaxşı hücumçusu – Viktor Osimhen (“Napoli”)
Mövsümün ən yaxşı gənc futbolçusu – Nikolo Facoli (“Yuventus”)
Mövsümün ən yaxşı baş məşqçisi – Luçano Spalletti (“Napoli”)
Mövsümün rəmzi komandası: Voytsex Şesnı (“Yuventus”) – Covanni Di Lorentso (“Napoli”), Qleyson Bremer (“Yuventus”), Kim Min Jae (“Napoli”) – Sandro Tonalo (“Milan”), Adrien Rabyo (“Yuventus”), Nikolo Barella (“İnter”) – Xviça Kvaratsxeliya (“Napoli”), Rafael Leao (“Milan”), Viktor Osimhen (“Napoli”).
Xatırladaq ki, başa çatmaq üzrə olan 2022/2023 mövsümündə A Seriyasının qalibi “Napoli” komandası olub.


