Xviça Kvaratsxeliya ata oldu

“Napoli”nin və Gürcüstan yığmasının vingeri Xviça Kvaratsxeliya ata olub, futbolçunun oğul övladı dünyaya gəlib.

Arena.az məlumat verir ki, Xivça bu barədə özünün sosial şəbəkə hesabı üzərindən məlumat verib:

“Həyatımın ən xoşbəxt günü, 21 Avqust 2024-cü il. Damian Kvaratsxeliya”, – Xviça oğlunun adını da yazmaqla ata olması sevincini paylaşıb.

Xviça Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. İtaliya klubu gürcü vingeri 13,3 milyon avro məbləğ müqabilində Batumi “Dinamo”sundan transfer edib. Xviçanın Neapol təmsilçisi ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Kvaratsxeliya “Napoli”nin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 11 qol vurub, 9 məhsuldar ötürmə verib.

Cari mövümdə isə gürcü vinger “Napoli” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 2 oyun keçirib.

Kvaratsxeliya “Napoli”nin heyətində ümumilikdə 90 oyuna çıxıb, 25 qol və 26 məhsuldar ötürmə müəllifi olub.

2022/2023-cü illər mövsümündə Xviça “Napoli” ilə İtaliya A Seriyasını qazanıb.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 34 oyuna 16 qol vurub, 8 məhsuldar ötürmə verib

Gürcü futbolçu klub karyerası ərzində “Rubin” (Kazan), “Rustavi”, “Dinamo” (Batumi), “Lokomotiv” (Moskva), “Dinamo” (Tiflis) komandalarında da oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü vingerin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Xviçanın Kvaratsxeliya atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” klublarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: