Qalmaqalları ilə gündəmə gəlməyə bir növ adətkar olmuş keçmiş qapıçı Yens Lemann bu dəfə sərxoş halda çıxardığı hoqqa ilə fərqlənib.
Arena.az “pianetamilan.it” dərgisinə istinadən məlumat verir ki, almaniyalı veteran qolkiper gecə saatlarında avtomobilini sərxoş halda idarə edərkən, alman yol polisinin əlinə keçib.
Əyyaş Lemann o qədər lülqənbər olub ki, onu avtomobilindən sözün həqiqi mənasında dartıb çıxarmaq lazım gəlib. Amma bu cəhdi yol polisinin əməkdaşına baha başa gəlib. Ət parçası kimi avtomobilindən çıxarılmış, dili söz tutmayan Lemana sərin hava dəyən kimi, keçmiş qapıçı düz yol polisi əməkdaşının üstünə qusub. Polis əməkdaşı hirsini boğaraq yağlı söyüşlərlə kifayətlənməli olub. Bu “bədii təsvir sənəti” müqabilində Leman 70 min avro məbləğində cərimə ödəməyə mükəlləf edilib.
Xatırldaq ki, bir müddət əvvəl Lemann içib keflənərək, benzin mişarı ilə qonşusunun evinin damına çıxmış və çardağı mişarlamağa girişmişdi.
Əlavə edək ki, Yens Lemanın dəlisov davranışı spirtli içki qəbul etməsi ilə daha da şiddətlənir. Keçmiş qapıçı “şirə” dönür, gözləri ağı qaradan seçmir.


