“Şerif”in baş məşqçisi Yuri Qura Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”yə qarşı keçirəcəkləri oyundan gözləntilərini bölüşüb.
Arena.az xəbər verir ki, sabah Avropa Liqasında 1-ci təsnifat mərhələsinə start veriləcək.
Azərbaycanı bu turnirdə təmsil edəcək “Zirə” də sabah Moldovanın “Şerif” komandası ilə üz-üzə gələcək. Moldovada baş tutacaq ilk oyundan əvvəl mətbuat konfransı keçirilib. “Şerif”in baş məşqçisi, ukraynalı mütəxəssis Yuri Qura rəqiblərinin səviyyəli kollektiv olduğunu söyləyib:
“Psixoloji cəhətdən hazır olmaq lazımdır. Sabah meydanda əlimizdən gələni edəcəyik. Bu, baş məşqçi kimi ilk avrokubok qarşılaşmamdır. Bu səbəbdən müsbət nəticəyə ümid edirəm. Əlbəttə, həyəcan var. Amma istəyimiz böyükdür. Meydanda bacarığımızı göstərməliyik”.
“Şerif”in kapitanı Mussa Kiabu da mətbuat konfransına qatılıb və “Zirə” ilə oyundan öncə fikirlərini bölüşüb. Malili yarımmüdafiəçi qarşılaşmanın onlar üçün çox önəmli olduğunu söyləyib:
“Bir neçə həftədir ki, bu görüşə hazırlaşırıq. Avrokubokda ilk matçımızdır. Müsbət nəticə üçün əlimizdən gələni edəcəyik. Komandaya yeni qoşulanlar var. Bizim vəzifəmiz onlara ailənin əhatəsində olduqlarını hiss etdirməkdir”.
Qeyd edək ki, “Şerif” və “Zirə” arasında ilk görüş sabah – iyulun 11-də keçiriləcək. “Şerif” İdman Kompleksində reallaşacaq oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Cavab oyunu isə bir həftə sonra “Dalğa Arena”da gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.


