Yusef Atal Fransada səkkiz aylıq həbsə məhkum edildi

“Nitsa”nın əlcəzairli sağ cinah müdafiəçisi Yusef Atal “xalqlar arasında nifrəti qızışdırdığı üçün” 8 aylıq həbs cəzasına məhkum edilib.

Arena.az bu barədə “Ekip” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə Atal “yəhudilər üçün qara gün” çağırışına görə həbsə məhkum edilib və bununla yanaşı məhkəmənin müvafiq qərarı ilə 45 min avro məbləğində cərimə də ödəməyə mükəlləf edilib.

Xatırladaq ki, müvafiq paylaşmadan bir qədər sonra Atal dərcini silmişdi. Daha sonra Əlcəzair yığmasının heyətində təlim-məşq toplanışından “Nitsa”nın düşərgəsinə qayıtmış Atal ilə klub rəhbərliyi arasında müvafiq mövzuya dair danışıq olmuşdu. Fələstinə dəstəyinə görə klubdan qovulmaq təhlükəsi ilə üz-üzə qalmış əlcəzairli futbolçu təbliğ etdiyi mübahisəli video üçün üzr istəyib, amma fikrindən dönməyib. “Nitsa” rəhbərliyi növbəti bildirişə qədər Atalı kənarlaşdırmaq haqda qərar qəbul etmişdi. Ardınca Fransa Liqa 1-i əlcəzairli futbolçunu 7 oyunluq cəzalandırmışdı. Daha sonra isə Fransa polisi Yusef Atalı etnik ədavəti qızışdırmaqda şübhəli bilərək həbs edib və futbolçu məhkəmə qarşısına çıxarılıb.

Xatırladaq ki, Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib.

Vurğulayaq ki, 27 yaşlı Yusuf Atal gələn həftə Kot-d’İvuarda başlayacaq Afrika Millətlər Kubokunda iştirak üçün Əlcəzair yığmasının heyətinə çağırılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: