“Nitsa”nın əlcəzairli sağ cinah müdafiəçisi Yusef Atal özünün “yəhudilər üçün qara gün” çağırışına aydınlıq gətirib.
Arena.az “La Gazette Du Fennec” nəşrinə istinadən, Atalın bu barədə fikirilərini diqqətinizə çatdırır:
“Mən Əlcəzair xalqından çoxlu ismarışlar almışam. Bu, mənə güc verdi. Ciddi bir iş görmədiyim üçün narahat deyiləm. Mən sadəcə Fələstin xalqı ilə həmrəy olduğumu bildirmək istədim”, deyə Yusef Atal bildirib.
Xatırladaq ki, paylaşmadan bir qədər sonra Atal dərcini silmişdi. Daha sonra Əlcəzair yığmasının heyətində təlim-məşq toplanışından “Nitsa”nın düşərgəsinə qayıtmış Atal ilə klub rəhbərliyi arasında müvafiq mövzuya dair danışıq olmuşdu. Fələstinə dəstəyinə görə klubdan qovulmaq təhlükəsi ilə üz-üzə qalmış əlcəzairli futbolçu təbliğ etdiyi mübahisəli video üçün üzr istəyib, amma fikrindən dönməyib. “Nitsa” rəhbərliyi növbəti bildirişə qədər Atalı kənarlaşdırmaq haqda qərar qəbul etmişdi. Ardınca Fransa Liqa 1-i əlcəzairli futbolçunu 7 oyunluq cəzalandırmışdı. Daha sonra isə Fransa polisi Yusef Atalı etnik ədavəti qızışdırmaqda şübhəli bilərək həbs edib.
Xatırladaq ki, Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib.


