Yussuf Fofana “Milan”ı “Sevilya”ya dəyişdi

İtaliyanın “Milan” klubunun dayaq yarımmüdafiəçisi Yussuf Fofana bundan sonra karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu “Sevilya”ya icarəyə verilib.

Tərəflər arasında müqavilənin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub. İcarə müddəti bitəndən sonra futbolçu “Milan”ın düşərgəsinə qayıdacaq.

Fofananın daha əvvəl Lion “Olimpik”inə keçəcəyi gözlənilsə də, bu transfer son anda baş tutmayıb. Nəticədə, futbolçu İspaniya klubuna üz tutub.

Yussuf Fofana peşəkar karyerasına Fransanın “Strasburq” klubunda başlayıb. Daha sonra “Monako”da da çıxış etmiş futbolçu “Milan”a 2024-cü ilin yayında 26 milyon avro qarşılığında keçmişdi. Yarımmüdafiəçi A Seriyası təmsilçisinin heyətində 88 oyun keçirib, 3 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Fofana vaxtilə Fransanın U-19, U-20 və U-21 yığmalarında çıxış edib. 2022-ci ilin sentyabrında Fransanın əsas millisində debüt etmiş futbolçu indiyə qədər 25 oyuna 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Yussuf Fofana “Strasburq”la 2018-ci ildə Fransa Liqa Kubokunun, 2025-ci ildə İtaliya Super Kubokunun qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: