“Yuventus” onlarla vidalaşmaq istəyir

İtaliyanın “Yuventus” klubunun iki futbolçusu yaxın gələcəkdə azad agent kimi Turin təmsilçisini tərk edə bilər.

Arena.az bu haqda italyan jurnalist-insayder Fabrisio Romanonun “Twitter” hesabına istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Turin təmsilçisinin rəhbərliyi 32 yaşlı braziliyalı sol cinah müdafiəçi Aleks Sandro ilə müqaviləyə xitam vermək üzərində çalışır. Onun klubla mövcud sözləşməsi 2024-cü ilin 30 iyununa qədərdir. Amma məşqçilər korpusu Sandronu növbəti mövsüm üçün planlarına daxil etmək istəmirlər.

Həmçinin iyunun 30-da müqaviləsinin müddəti başa çatacaq kolumbiyalı sağ cinah müdafiəçisi Xuan Kuadradonun da azad agent kimi ayrılacağı gözlənilir.

2022/2023 mövsümündə Aleks Sandro “Yuventus”un heyətində 37 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə fərqlənib. Xuan Kuadrado isə 47 oyun keçirib, 2 qol vurub, 4 məhsuldar ötürməyə imza atıb.

Xatırladaq ki, bu iki oyunçu İtaliya nəhənginə eyni vaxtda – 2015-ci ilin avqustunda transfer olunmuşdu. Aleks bu müddətdə 309 oyuna 15 qol və 33 məhsuldar ötürmə müəllifi olub. Xuan isə 314 oyuna çıxıb, 26 qol və 65 məhsuldar ötürmə ilə yadda qalıb.

Turin klubunun əsas oyunçularından daha biri – Federiko Kyeza isə karyerasını İngiltərədə davam etdirə bilər. Onunla London “Arsenal”ı yaxından maraqlanır.

Xəbəri sosial şəbəkələrdə paylaş: