“Zəngəzur” komandası AFFA-nın bayrağı altında keçirilən Region Liqasında 2025/2026-cı illər mövsümünün qalibi olaraq İkinci Liqaya yüksəlib.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Şamaxı şəhər stadionunda təşkil edilmiş final oyununda “Marafon”la qarşılaşıb.
Rəqibinə 2:1 hesabı ilə qalib gəlmiş “Zəngəzur” kollektivi çempion olaraq, növbəti mövsümdə İkinci Liqada iştirak hüququ əldə edib. “Marafon” isə İkinci Liqaya vəsiqə uğrunda pley-off oyunu keçirəcək.
Bu gün həm də 3-cü yer uğrunda qarşılaşmada “Biləsuvar” komandası “Şəfəq” kollektivini 4:1 hesabı ilə məğlub edərək, bürünc medal qazanıb.
Oyunlardan sonra mükafatlandırma mərasimi təşkil edilib. 78 qol vurmuş “Marafon” komandasının oyunçusu Vüqar Əşrəfli bombardirə təqdim olunan mükafata yiyələnib. Çempion komandadan isə Elgün Abbaslı Region Liqasında mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb.
Nəhayət, “Biləsuvar” bürünc, “Marafon” gümüş medalla, “Zəngəzur” isə qızıl medal və kubokla təltif olunub. Komandalara mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov təqdim ediblər.


