Azərbaycan cüdoçusu Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.
Arena.az xəbər verir ki, bu gün fərdi yarışlara yekun vurulub.
Mundialın 5-ci günündə Azərbaycanın daha bir cüdoçusu – Zelim Kotsoyev də mübarizəyə qoşulub. 100 kq-da yarışan cüdoçumuz mübarizəyə ikinci mərhələdən başlayıb. O, ilk görüşündə Yunq-Hun Vonqu (Cənubi Koreya) məğlub edib. Kotsoyev 1/8 finalda israilli Peter Palçiklə güləşib və uğurlu seriyanı davam etdirib. Cüdoçumuz 1/4 finalda Nikoloz Şerazadişvilidən (İspaniya) də güclü olaraq yarımfinala yüksəlib. Zelim finala gedən yolda portuqaliyalı Jorj Fonseka üzərində qələbə qazanıb. O, həlledici görüşdə Şadi Elnahasla qüvvəsini sınayıb və görüşdən qalib ayrılıb. Zelim bu möhtəşəm zəfəri sayəsində Əbu-Dabidə Azərbaycan himnini səsləndirib.
Bununla da Azərbaycan millisi tarixi uğura imza ataraq, ilk dəfə mundialı 2 qızıl medalla bitirib. Daha öncə Hidayət Heydərov da 73 kq çəkidə bütün rəqiblərini üstələmişdi.
Kotsoyev dünya çempionatındakı qazandığı nəticə ilə Paris-2024 Yay Olimpiya Oyunlarına -100 kq çəki dərəcəsində reytinq cədvəlinin lideri olaraq yollanmaq hüququ qazanıb.
Kotsoyev başqa bir tarixi uğura da imza atıb. O, ardıcıl 3-cü dünya çempionatında medal qazanıb. Bundan əvvəl Zelim 2022-ci ildə Daşkənd, 2023-cü ildə isə Dohada keçirilmiş mundiallarda medal qazanmışdı. Onun qazandığı medalların əyarı bürünc olmuşdu. Zelim 2023-cü ildə də Avropa çempionu olmuşdu.
Qeyd edək ki, dünya cüdo arenasında yüksək səviyyədə çıxış edən Zelim 16 yaşından Azərbaycan milli komandasının üzvüdür.
Azərbaycan millisi dünya çempionatına bütövlükdə 11 cüdoçu ilə yollanmışdı.


