Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümün lideri olan “Zirə” Avropada ən az qol buraxan komandaların sırasına düşüb.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi milli çempionatlarda ən etibarlı müdafiə xətti ilə seçilən 13-cü komandadır.
Rəşad Sadıqovun yetirmələri Azərbaycan Premyer Liqasının geridə qalan 9 turunda cəmi 5 dəfə meydanın mərkəzinə dəvət olunublar. Orta hesabla hər matçda 0,56 qol buraxan “Zirə” bu baxımdan qitənin 13-cü komandasıdır.
Siyahıya Niderlandın PSV komandası başçılıq edir. Peter Boşun kollektivi Erediviziyada keçirdiyi 8 qarşılaşmada cəmi 2 qola üzülüb ki, bu da orta hesabla hər görüşə 0,25 qol deməkdir.
Türkiyənin iki klubu liderlər sırasında yer alıb. “Fənərbaxça” orta hesabla hər oyunda 0,38 qol buraxaraq Avropada 3-cü, “Qalatasaray” isə 0,50 qol göstəricisi ilə 7-ci pilləni bölüşdürürlər. Super Liqanın ilk 8 turunda “sarı bülbüllər” 3, “cim-bom” isə 4 qol buraxıb.
Ümumilikdə 50 komandanın yer aldığı cədvələ Azərbaycanın digər təmsilçisi “Qarabağ” da düşüb. Ağdam klubu mövsümün ilk dövrəsində qapısında 6 qol görüb. Qurban Qurbanovun yetirmələri 0,67 qol göstəricisi ilə İspaniya nəhəngi “Real”la 28-ci yeri bölüşdürürlər.
Xatırladaq ki, “Zirə” Azərbaycan Premyer Liqasında 9 turdan sonra 19 xalla zirvədə qərarlaşıb. Rəqib qapılarından 9 top keçirmiş zirəlilər 5 qola üzülüblər. Eyni xala malik “Qarabağ” isə turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Ağdamlılar rəqib qapılarından 18 top keçirib, 6 qola üzülüblər.


