Azərbaycanı cari mövsümdə Avropa Liqasında təmsil edən “Zirə” bu gün 2024/2025 mövsümündəki növbəti rəsmi matçına çıxıb.
Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi Avroliqanın 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Moldovanın “Şerif” komandasını qəbul edib.
Xatırladaq ki, zirəlilərin bu rəqiblə ilk oyun səfərdə baş tutmuşdu. Qəsəbə klubu Moldovadan 1:0 hesablı qələbə ilə qayıtmışdı. Bu üzdən Azərbaycan təmsilçisinə mərhələ adlamaq üçün doğma meydanda heç-heçə də sərf edirdi.
2017/18, 2018/19 və 2020/21 mövsümlərində avrokuboklarda “Qarabağ”la qarşılaşan və hər dəfə də mübarizədən məğlub ayrılan “Şerif” növbəti dəfə Azərbaycan klubu ilə qarşı-qarşıya idi. Amma bu dəfə Moldova klubu Ağdam təmsilçisi ilə yox, ölkəmizin başa çatan mövsümdə nəticələrinə görə ikinci ən yaxşı komandası olan Zirənin eyniadlı təmsilçisi ilə qarşılaşırdı.
Həmişə “Qarabağ”la oynayarkən öz ölkəsinin çempionu kimi Bakıya səfər edən tiraspollular bu dəfə Azərbaycana Moldova çempionu kimi gəlməmişdilər. Belə ki, “Şerif” də ötən mövsüm öz ölkəsində məhz 2-ci yeri tutmuşdu.
Hər iki komanda kubokun qalibi olan çempionun hesabına Avropa Liqasına yollanmışı. Bir sözlə, “Qarabağ” “Zirə”ni, “Petrokub” isə “Şerif”i Avroliqaya daşımışdı. Bu nisbətdə Azərbaycan klubunun “Şerif”lə müqayisədə daha sanballı mövsüm keçirdiyini söyləmək olar.
“Şerif” həm avrokuboklarda, həm də öz ölkəsinin çempionatında dominant statusu var. Hər halda, biz Moldova çempionatının 21 qat qalibindən danışırıq. “Zirə” isə ölkə çempionluğunun nə olduğunu bilmir. Avrokuboklarda təcrübədən ümumiyyətlə danışmağa dəyməz. “Şerif” isə 2021-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində “Real”ı “Santyaqo Bernabeu”da məğlub edən komandadır.
Moldova təmsilçisi məhz bu təcrübəsi sayəsində Bakıdakı oyundan qalib ayrılmağa nail olub. Matçın əsas vaxtında “Şerif” 2:1 qalib gəlib. Ümumi hesab bərabər olduğu üçün əlavə vaxta ehtiyac duyulub. Amma əlavə vaxtda hesab dəyişməz qalıb. Bu üzdən qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “Şerif” növbəti mərhələyə yüksəlib. “Zirə” isə Avroliqa ilə vidalaşıb və mübarizəni Konfrans Liqasında davam etdirəcək.
Avropa Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
18 iyul
Zirə – Şerif 1:2 (penaltilər 4:5)
Qollar: Rafael Utziq, 5 – Əyyub Allaş, 54. Papa Ndiaqa Yade, 77.
Qırmızı vərəqə: Salifu Suma, 40.
Hakimlər: Bulat Sariyev, Denis Labaşov, Yuri Tixonyuk, Aydin Tassibayev (hamısı Qazaxıstan).
Mərdəkan. “Dalğa Arena”. Saat 20:00.
İlk oyun – 1:0.
Zirə: 97. Tyaqo Silva, 4. Ruan Renato, 3. Ange Mutsinzi, 19. Salifu Suma, 15. Pyer Zebli (29. Ceyhun Nuriyev, 80), 21. Hacıağa Hacılı (28. Abbas İbrahim, 104), 23. Rafael Utziq (5. Stefan Akka, 46), 32. Qismət Alıyev (k), 6. Eldar Quliyev (8. İsmayıl İbrahimli, 58), 70. İssa Cibrilla (16. Fuad Bayramov, 58), 90. Davit Volkov (11. Rüstəm Əhmədzadə, 73).
Baş məşqçi: Rəşad Sadıqov.
Şerif: 16. Raşed Əl-Tumi (34. Dumitru Çelyadnik, 120), 8. Joao Paulo, 33. Mateus Lins (46. Stefan Despotovski, 117), 50. Xoselin Behiratçe, 66. İlunqa Pata, 18. Mussa Kyabu (k) (7. Abu Uattara, 106), 3. Nana Kvame Boakye (44. Alesio Miya, 53), 10. Sedrik Badolo, 69. Peter Ademo (45. Əyyub Allaş, 46), 90. Papa Ndiaqa Yade, 9. Ayak Riak (61. Raşed Akanbi, 75).
Baş məşqçi: Yuri Qura.


