Azərbaycanı bu mövsüm Avropa Liqasında təmsil edəcək “Zirə” bu gün 2024/2025 mövsümündəki ilk rəsmi matçına çıxacaq.
Arena.az xəbər verir ki, bu gün Avropa Liqasının yeni mövsümünə start veriləcək.
Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Şerif” komandası ilə üz-üzə gələcək. Bu rəqiblə ilk oyun səfərdə baş tutacaq. Qəsəbə klubu Moldovadan sərfəli nəticə ilə qayıtmağa çalışacaq ki, növbəti mərhələyə vəsiqəni doğma meydanda həll edə bilsin.
2017/18, 2018/19 və 2020/21 mövsümlərində avrokuboklarda “Qarabağ”la qarşılaşan və hər dəfə də mübarizədən məğlub ayrılan “Şerif” növbəti dəfə Azərbaycan klubu ilə qarşı-qarşıyadır. Amma bu dəfə Moldova klubu Ağdam təmsilçisi ilə yox, ölkəmizin başa çatan mövsümdə nəticələrinə görə ikinci ən yaxşı komandası olan Zirənin eyniadlı təmsilçisi ilə qarşılaşacaq.
Həmişə “Qarabağ”la oynayarkən öz ölkəsinin çempionu kimi Bakıya səfər edən tiraspollular bu dəfə Azərbaycana Moldova çempionu kimi gəlməyəcəklər. Belə ki, “Şerif” də ötən mövsüm öz ölkəsində məhz 2-ci yeri tutub.
Hər iki komanda kubokun qalibi olan çempionun hesabına Avropa Liqasına yollanıb. Bir sözlə, “Qarabağ” “Zirə”ni, “Petrokub” isə “Şerif”i Avroliqaya daşıyıb. Bu nisbətdə “Zirə”nin “Şerif”lə müqayisədə daha sanballı mövsüm keçirdiyini söyləmək olar. Amma “Şerif” “Zirə” ilə müqayisədə çempion olan rəqibinə daha layiqli müqavimət göstərib: Tiraspol klubu “Petrokub”dan 6 xal az toplayıb, “Zirə” isə “Qarabağ”dan 25 xal geriyə düşüb.
Üstəlik, “Şerif” həm avrokuboklarda, həm də öz ölkəsinin çempionatında dominant statusu var. Hər halda, biz Moldova çempionatının 21 qat qalibindən danışırıq. “Zirə” isə ölkə çempionluğunun nə olduğunu bilmir. Avrokuboklarda təcrübədən ümumiyyətlə danışmağa dəyməz. “Şerif” isə 2021-ci ildə URFA Çempionlar Liqasının qrup mərhələsində “Real”ı “Santyaqo Bernabeu”da məğlub edən komandadır.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu bir həftə sonra “Dalğa Arena”da gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Avropa Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
11 iyul
21:00. Şerif – Zirə
Hakimlər: Alessandro Dudiç, Paskal Hirzel, Susann Künq, Anojen Kanaqasinqam (İsveçrə).
Tiraspol. “Şerif” İdman Kompleksi.


