Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə” ilə Moldova “Şerif”i arasında keçiriləcək oyunların başlama saatı və məkanı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Moldova klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, ilk görüş iyulun 11-də “Şerif Arena”da keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Cavab oyunu isə iyulun 18-də Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək. Bu oyunun start fiti saat 20:00-da səslənəcək.
Qeyd edək ki, bu mərhələni adlayacaq komanda 2-ci təsnifat mərhələsində “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə görüşəcək. Cütün məğlubunu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiyanın “Dunayska Streda” komandası ilə görüşlər gözləyir.


