“Sabah”ın basketbol komandasının üzvü Əlikamran Məmmədov 2023/2024 mövsümündə də Azərbaycan çempionunun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycanın U-18 millisinin də üzvü olan basketbolçu ilə müqavilənin müddəti uzadılıb. O, 1 illik yeni sözləşməyə imza atıb.
Xatırladaq ki, Əlikamran Məmmədov ötən mövsüm “Sabah”ın heyətində Azərbaycan Basketbol Liqasında debüt edib. O, bu komanda ilə Azərbaycan çempionu olub.
“Sabah” buna qədər komandanın digər üzvü Rüstəm Əliyevlə də 1 illik yeni müqavilə imzalandığını açıqlamışdı.
Azərbaycan çempionu bu yay Endər Poladxanlı və Şirzad Şirzadovu da heyətinə qatıb. Onlarla da 1 illik müqavilə imzalanıb.
“Sabah”ın basketbol komandası bu mövsüm FİBA Avropa Kubokunda iştirak edəcək. Azərbaycan çempionunun bu turnirin təsnifat mərhələsindəki rəqibləri də məlumdur. Püşkə əsasən, “Sabah” A qrupunda “Donar” (Qroningen, Niderland), “Rabotniçki” (Skopye, Şimali Makedoniya) və “Rapid”lə (Buxarest, Rumıniya) mübarizə aparacaq. Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.


