Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin müdafiəçisi Merih Demiralın UEFA tərəfindən cəzalandırılması barədə danışıb.
Arena.az xatırladır ki, UEFA-ya görə, Demiral (guya) sağçı türk ekstremistlərinin rəmzi əl hərəkəti müqabilində 2 oyunluq diskvalifikasiya cəzası alıb.
Almaniya hökumətinin “fitvası” ilə UEFA bu qənaətdədir ki, Demiral AÇ-2024-ün 1/8 final mərhələsinin Avstriya yığması ilə oyununda (2:1) vurduğu qolu qeyd edərkən, türk sağçı millətçilərin əl hərəkətini nümayiş etdirib və bu səbəbdən cəza alıb.
Xatırladaq ki, Demiral Avstriya yığması ilə oyunda hər iki qolun müəllifi olmuşdu.
Rəcəb Tayyib Ərdoğan Avropanın ali futbol qurumunun bu ədalətsiz, biabırçı qərarına öz mövqeyi açıqlayıb:
“Kimsə almanların formalarında nə üçün qartal olduğu haqda danışırmı? Kimsə qalxıb fransızların formasında xoruz var, “niyə xoruzlanırsan” deyirmi? Orada Merih bu hərəkəti ilə həyəcanını nümayiş etdirdi. Ümidvaram ki, şənbə günü bütün məsələlər öz həllini tapacaq. Gəlin, meydandan qələbə ilə ayrılıb, növbəti mərhələyə adlayaq. Qeyri-adi heç nə baş verməsə, oyunda iştirak etmək qərarına gəlmişik”, – “Sabah” nəşri cənab prezidentdən sitat gətirir.
Xatırladaq ki, Avropa çempionatının 1/4 final mərhələsinin Niderland – Türkiyə oyunu bu gün, iyulun 6-da Berlinin “Olimpiaştadion”unda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.



