2023 Berlin Marafonunda həm qadınların və həm də kişilərin yarışında dünya rekordları ilə əlamətdar olan turnir başa çatıb.
Arena.az məlumat verir ki, qadınların yarışında həbəş atlet Tigist Assefa qalib gələrək yeni dünya rekorduna da imza atıb. Qaçışçı 2 saat 11,53 dəqiqə nəticə göstərməklə, həmyerlisi Bricit Kosqeynin 2019 Çikaqo Marafonunda müəyyən etdiyi rekordu (2:14,04) üstələyib.
Xatırladaq ki, 2022 Berlin Marafonunda da Assefa qalib gəlmişdi (2:15,37). Göründüyü kimi, cari yarışda Assefa həm də şəxsi nəticəsini yaxşılaşdırıb.
2023 Berlin Marafonunda qadınların yarışında gümüş medalı keniyalı atlet Şeyla Çepkirui (2:17,49), bürünc medalı isə tanzaniyalı idmançı Maqdalena Şauri (2:18,41) qazanıb.
Kişilərin yarışı isə keniyalı atletin qələbəsi ilə başa çatıb.
Marafon yürüşü üzrə ikiqat Olimpiya çempionu, 38 yaşlı keniyalı atlet Eliud Kipçoqe karyerasında rekord sayda – beşinci Berlin Marafonunu qazanıb. Əvvəlki rekord ardıcıl dörd dəfə (2006, 2007, 2008, 2009) Berlin Marafonunun qalibi olmuş ikiqat Olimpiya çempionu, həbəş atlet Hayle Gebrselassiyə məxsus idi.
Sentyabrın 24-də Berlində Kipçoqe marafon məsafəsini 2 saat 2,42 dəqiqə ərzində qaçaraq ən yaxın izləyicisi həmyerlisi Vinsent Kipkemoini (2:3,13) qabaqlayıb. Həbəş atlet Tadese Takele üçüncü olub (2:03,24).
Kipçoqe daha əvvəl 2015, 2017, 2018 və 2022-ci illərdə Berlin Marafonunun qalibi olub. Keniyalı atlet həmçinin London Marafonunun dördqat (2015, 2016, 2018, 2019) qalibidir.


