İmaməddin Xəlilov Dünya Taekvondo Federasiyası (WTF) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Paralimpiya çempionumuz bu il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanmaqla buna nail olub. Belə ki, idmançımız Paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib. O, həmçinin dünya reytinqinin hazırkı lideridir.
İdmançımız bu ada Dünya Taekvondo Federasiyasının Texniki Komissiyasının yekdil rəyi əsasında layiq görülüb. Parataekvondoçumuza mükafat Honkonqda keçirilən qala gecəsində təqdim olunub.
Dünya Taekvondo Federasiyası tərəfindən ilin ən yaxşı kişi parataekvondoçusu seçilən İmaməddin Xəlilov bununla bağlı fikirlərini bölüşüb. O, federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“2024-cü ildə bütün titullara yiyələndim. Karyeramdakı hədəflərimdən biri təkcə öz çəkimdə yox, bütün çəkilər üzrə ilin ən yaxşı parataekvondoçusu seçilmək idi. Sevinirəm ki, buna nail oldum. Özümlə qürur duyuram. Bu uğurların davamlı olması və Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırmaq üçün çalışmağa davam edəcəyəm”.


