Metehan Baltacı və Xaris Xarisislə yeni müqavilə

Türkiyə çempionu “Qalatasaray” gənc futbolçusu, mərkəz müdafiəçisi Metehan Baltacı ilə müqavilənin müddətini artırıb.

Arena.az bu barədə İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

22 yaşlı müdafiəçinin yeni müqaviləsinin müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu mövsümün sonunda başa çatacaqdı.

Xatırladaq ki, Metehan Baltacı “Qalatasaray”ın öz yetirməsidir. Türkiyəli müdafiəçi əvvəlki mövsümlərdə icarə əsasında “İskenderunspor”, “Manisa” və “Eyüpspor”da da çıxış edib. O, bu mövsüm “Qalatasaray”ın heyətində 7 matça çıxaraq 1 məhsuldar ötürmə müəllifi də olub. O, doğma klubunun əsas komandasında bütövlükdə 9 oyun və 1 assistlə yadda qalıb.

Metehan Türkiyənin U-18 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 1,6 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, Super Liqanın digər təmsilçisi “Sivasspor” da yunan mərkəz yarımmüdafiəçisi Xaris Xarisislə yeni müqavilə bağlayıb. Tərəflər arasındakı yeni müqavilə 3 illikdir. Xarisis də yeni müqaviləyə əsasən 2028-ci ilin 30 iyununa qədər Sivas klubunun formasını geyinməyə davam edəcək. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.

Xaris Xarisis “Sivasspor”a 2022-ci ilin avqustunda 500 min avro müqabilində “Atromitos”dan keçib. Yunan futbolçu Super Liqa klubunun heyətində indiyə qədər 85 oyuna çıxıb, 2 qol və 7 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Atromitos”, PAOK, “Pas Yannina”, “Sent Trüden”, “Kortreyk” kimi klubların da formasını geyinib. Xarisis Yunanıstanın U-21 yığmasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: