Camal Musiala – Almaniya millisində 2024-cü ilin ən yaxşısı!

“Bayern”in hücumameyilli yarımmüdafiəçisi Camal Musiala 2024-cü il üçün Almaniya yığmasının ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir.

Musiala azarkeşlərin səsverməsinə əsasən bu ilin ən yaxşı futbolçusu adına layiq görülüb. Tərəfdarlardan 56 faiz səs toplayan “Bayern”in 21 yaşlı üzvü, millidəki digər komanda yoldaşları Florian Virts və Kay Havertsi qabaqlayıb.

Əlavə edək ki, 21 yaşlı Camal Musiala Avropanın ən perspektivli gənc futbolçularından biri sayılır. Hazırda bir çox Avropa nəhəngləri artıq indidən alman yarımmüdafiəçinin ovuna çıxıblar.

“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Musiala “Bayern”in heyətində 20 oyun keçirib, 13 qol vurub, 5 məhsuldar ötürmə verib.

Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 183 oyun, 56 qol və 36 məhsuldar ötürmədən ibarətdir.

Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 4 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 38 oyun keçirib, 7 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib. O, bu il ölkəsində keçirilmiş Avropa çempionatında (AÇ-2024) meydana çıxdığı 5 matçda 3 qola imza atıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: