“Çelsi”nin baş məşqçisi Entso Mareska Avropa Konfrans Liqasının Liqa mərhələsində “Astana”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, İngiltərə nəhəngi səfərdə qarşılaşdığı Qazaxıstan klubuna 3:1 hesabıyla qalib gəlib.
“Zadəganlar”ın italyan baş məşqçisi matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu, əsaslı bir çıxış idi. Biz kifayət qədər soyuq olacağını bilirdik və tez uyğunlaşmağa çalışdıq. Oyunçular hava şəraitinin, dünənki uzun səfərin öhdəsindən əla gəldilər, elə, meydan da bizim üçün mükəmməl deyildi. Ümumiyyətlə, futbolçularımdan çox razıyam.
Oyunun qalibi olmağımıza kömək etmiş gənc futbolçulara görə də şadam. Onların hər biri məni heyran etdi. Başlayanlar, Tayrik (Corc), Sem (Rak-Sakyi) və Coş (Açimponq), hamısı həqiqətən yaxşı oynadılar. Buna görə də onlar və ikinci hissədə meydana çıxmışlar üçün çox şadam, mən məmnunam”, deyə Entso Mareska vurğulayıb.
5 turdan sonra 15 xalla “Çelsi” Konfrans Liqasının liqa mərhələsinin yarış cədvəlində 1-ci pillədə qərarlaşıb. “Astana” isə 4 xalla 28-ci yerdədir.


