“Roma”nın “Fiorentina”da icarə əsasında çıxış edən yarımmüdafiəçisi Edoardo Bove öz səhhəti haqda söhbət açıb.
Arena.az jurnalist Nikolo Skiraya istinadən məlumat verir ki, italyan futbolçunun səhhəti qaydasındadır.
Bove tezliklə futbola qayıdışının intizarındadır:
“Hamınızı xoş gördük! Bu çətin günlərdə diqqətlə düşünmək imkanım oldu. Sosial şəbəkələrdə məlumat paylaşmağa öyrəşməsəm də, məni çox təsirləndirən bir fikri ifadə etmək istərdim. “Fiorentina” – “İnter” oyununda baş vermiş xoşagəlməz məqam mənə göstərdi ki, futbol – oyundan, çempionluqdan və ya karyeradan daha böyükdür. Futbol – eyni şövqdə birləşmiş, sevinc, duyğu, qəzəb, məyusluq və əzab anlarını paylaşan insanların birliyidir. Bu da mənə bu idmanın nə qədər gerçək olduğunu, nəticələrdən asılı olmayaraq, hamımızın ittifaqını anlamağa kömək etdi. Və bu dünyaya aid olduğum üçün həqiqətən minnətdaram, mənə verdiyiniz məhəbbətə və dəstəyə görə isə hamınıza ürəkdən təşəkkür edirəm! Mən yaxşıyam, ən vacibi budur! Tezliklə görüşənədək… Futbol meydanında!”, deyə Bove vurğulayıb.
Xatırladaq ki, İtaliya A Seriyasının 14-cü turunda “İnter”lə ev oyununun 16-cı dəqiqəsində Edoardo Bove huşunu itirərək, “Artemio Franki”nin ot örtüyü üzərinə sərilmiş və dərhal xəstəxanaya təxliyə edilmiş, oyun isə hesab 0:0 ikən təxirə salınmışdı.
Cərrahi əməliyyatdan sonra Boveyə defibrillyator quraşdırıldığı bildirilib.
Mərkəz yarımmüdafiəçisi Edoardo Bove “Roma”nın məzunudur və 2024-cü ilin avqustundan “Fiorentina”da icarə müaviləsi əsasında çıxış edir. “Bənövşələr” icarə haqqı olaraq “canavarlar”a 1,5 milyon avro məbləğində ödəniş ediblər. Bove 2024/2025-ci illər mövsümünün sonuna qədər “Fiorentina”nın uğurları üçün çalışacaq.
Cari mövsümdə Bove “Fiorentina” üçün bütün yarışlarda 14 oyuna çıxıb, 1 qol və 4 məhsudlar ötürmə ilə fərqlənib.
Edoardo Bove İtaliyanın U-16, U-18, U-20 və U-21 komandalarına cəlb edilib, “skuadra adzurra”nın əsas yığmasında isə hələ debüt etməyib.
Bove “Roma” ilə Avropa Konfrans Liqasının 2021/2022-ci illər mövsümünün qalibi olub.
“Transfermarkt” internet-portalı 22 yaşlı italyan mərkəz yarımmüdafiəçisi Edoardo Bovenin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.


