Olmonun agenti: “Biz başqa seçimləri nəzərdən keçirmirik”

“Barselona”nın yarımmüdafiəçisi Daniel Olmonun agenti Endi Bara ispan futbolçunun “blauqrana”da oynaması ilə bağlı mövqeyindən danışıb.

Arena.az xatırladır ki, daha əvvəl, “Barselona”nın Daniel Olmonu İspaniya La Liqasının ikinci dövrsi üçün qeydiyyata sala blmədiyi və futbolçunun müqaviləsinə əsasən, bu halda azad agentə çevriləcəyi ilə bağlı məlumat yayılıb.

“Dani “Barselona”da oynamaq istəyir. Biz başqa seçimləri nəzərdən keçirmirik. Olmonun verdiyi qərar Kataloniyanın paytaxtında qalmaqdır. O, “Barselona”da oynamaq və doğma klubunda uğur qazanmaq istəyir”, – deyə Endi Bara bildirib.

“Barselona” Daniel Olmonu 2024-cü ilin avqustunda 55 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Leypsiq”dən “blauqrana”nın heyətinə qatıb. İspan yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2030-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Olmo cari mövsümdə “Barselona”nın heyətində 15 oyuna çıxıb, 6 qol vurub, 1 məhsuldar ötürmə verib.

Daniel Olmo 2019-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 41 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə verib.

Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.

Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı ispan hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: