Daniel Olmo qeydiyyatı ilə bağlı fəsada görə çox pərişandır

Məlum olduğu kimi, “Barselona” və ispaniyalı yarımmüdafiəçisi Daniel Olmo qeydiyyatla bağlı problemlə üzləşib.

Arena.az xatırladır ki, Kataloniya klubu Olmonu İspaniya La Liqasının cari mövsümünün ikinci dövrəsi üçün qeydiyyata sala bilməyib.

“Barselona” ardıcıl olaraq məkəmə və İspaniya La Liqası tərəfindən imtina cavabı alıb, ardınca isə “blauqrana”nın sikayət ərizələri rədd edilib. Hazırda Kataloniya klubu yaranmış vəziyyətdən çıxış yollarını arayır.

Vurğulayaq ki, Olmonun müqaviləsində Kataloniya klubu futbolçunu cari mövsümün ikinci hissəsi üçün qeydiyyatdan keçirməsə, oyunçunun azad agent olacağı haqda müvafiq maddə var.

AS dərgisinin məlumatına görə, Daniel Olmo düşdüyü vəziyyətdən çox pərişan olub. Bu mənzərədə Olmo “Barsleona”nın komanda ilə birlikdə məşqinə pərişan halda gəlib. Olmo çox kədərli görünüb və hətta avtomobilinin sükanı arxasına keçə bilməyib, taksi xidmətindən istifadə edərək, məşqə gəlib. Bildirilir ki, “blauqrana”nın futbolçuları Qavi, Rafinya və Pedri paltardəyişmə otağında Olmoya təsəlli veriblər. “Barselona”nın alman baş məşqçisi Hans-Diter Flik isə “blauqrana”nın onu tərk etməyəcəyini açıq surətdə bildirərək, futbolçunu sakitləşdirməyə çalışıb, toxtaqlıq verib.

Bundan əlavə, Olmo yeni ilin ilk günləri ərzində daimi əlaqədədir və müqaviləsi ilə bağlı vəziyyəti daim nəzarətdə saxlayır.

“Barselona” Daniel Olmonu 2024-cü ilin avqustunda 55 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Leypsiq”dən “blauqrana”nın heyətinə qatıb. İspan yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2030-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Olmo cari mövsümdə “Barselona”nın heyətində 16 oyuna çıxıb, 6 qola və 1 məhsuldar ötürməyə imza atıb.

Daniel Olmo 2019-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 41 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə verib.

Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.

Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı Daniel Olmonun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: