Nigeriya millisinin hücumçusu Umar Sadiq “Real Sosyedad”dan ayrılaraq İspaniyanın digər klubu “Valensiya”ya keçib.
Arena.az bu barədə La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
“Valensiya” 27 yaşlı hücumçunu bu mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Umar Sadiq peşəkar karyerasına İtaliyanın “Spetsiya” klubunda başlayıb. O, karyerası ərzində “Lavanyese”, “Roma”, “Bolonya”, “Torino”, “NAK Breda”, “Reyncers”, “Peruca”, “Partizan”, “Almeriya” kimi klublarda da çıxış edib.
“Real Sosyedad” Umar Sadiqi 2022-ci ilin sentyabr ayında “Almeriya”dan 20 milyon avroya transfer edib. Nigeriyalı forvard Sosyedad klubunun heyətində meydana çıxdığı 50 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Umar Sadiq 2022-ci ilin yanvar ayında debüt etdiyi Nigeriya yığmasında 11 oyuna çıxıb, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 27 yaşlı hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


