Said Benrahma Lion “Olimpik”ini “Neom”a dəyişdi

Fransanın “Olimpik” (Lion) klubunun əlcəzairli sol vingeri Said Benrahma bundan sonra “Neom”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Sözügedən klub Benrahmanı bu mövsümün sonuna (2025-ci ilin 30 iyununadək) qədər satınalma şərti ilə icarəyə götürüb. Transferin maddi detalları açıqlanmır.

Xatırladaq ki, Lion “Olimpik”i Said Benrahmanı 2024-cü ilin fevralında İngiltərənin “Vest Hem” klubundan satınalma şərti ilə icarəyə götürmüşdü. Yarım mövsümlük icarə haqqı 6 milyon avro təşkil edirdi. Ötən mövsümün sonunda, 2024-cü ilin yayında Fransa klubu bu futbolçunun birdəfəlik transferi üçün əlavə 14,4 milyon avro ödəmişdi. Benrahmanın Lion təmsilçisi ilə müddəti 2027-ci ilin 30 iyununadək qüvvədə olacaq müqaviləsi var.

Said Benrahma peşəkar karyerasına elə Fransada, bu ölkənin digər klubu “Nitsa”da başlayıb. O, “Anje”, “Ayaçço”, “Şatoru” kimi klublarda da oynadıqdan sonra 2018-ci ildə İngiltərənin “Brentford” klubuna keçib. Elə bu klubdakı çıxışı sayəsində o, 2020-ci ildə “Vest Hem”ə cəlb olunub. Əlcəzairdən olan 29 yaşlı hücumameyilli yarımmüdafiəçi Premyer Liqa klubunun heyətində meydana çıxdığı 155 oyunda 24 qol vurub, 19 assist edib.

Benrahma 2015-ci ilin oktyabrında debüt etdiyi Əlcəzair yığmasında da 34 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib.

Benrahmanın peşəkar karyerası ərzində yeganə uğuru “Vest Hem”lə 2022/2023-cü illər mövsümündə Avropa Konfrans Liqasının qalibi olmasıdır.

“Transfermarkt” internet-portalı 29 yaşlı müdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş: