Dieqo Kokka “Valyadolid”dən qovuldu

Argentinalı futbol mütəxəssisi Dieqo Kokka La Liqada mübarizə aparan “Valyadolid” komandasının baş məşqçisi postundan qovulub.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

İstefaya “Valyadolid”in uğursuz nəticələri səbəb olub. Belə ki, komanda son 8 oyunda 7 dəfə meydanı xalsız tərk edib. Klub rəhbərliyi doğma azarkeşlər qarşısında “Sevilya”ya 0:4 hesablı məğlubiyyətdən sonra Kokkanın istefaya göndərilməsinə qərar verib.

Xatırladaq ki, argentinalı mütəxəssis 2024-cü ilin dekabr ayında “Valyadolid”in baş məşqçisi təyin edilmişdi. 53 yaşlı məşqçi bu komandanı cəmi 8 matça çıxarıb, 1 qələbə və 7 məğlubiyyət görüb.

“Valyadolid” İspaniya La Liqasında 24 turdan sonra 12 xalla sonuncu pillədə qərarlaşıb. Komanda bu oyunlarda 4 qələbə qazanıb, 3 heç-heçə edib, 17 məğlubiyyətə üzülüb.

Dieqo Kokka “Valyadolid”dən öncə Meksika yığmasına rəhbərlik edib. O, Meksikada “UANL Tiqres”, “Atlas”, “Santos Laquna”, “Tixuana”, Kolumbiyada “Milyonarios”, Argentinada “Rosario Sentral”, “Rasinq”, “Defensa Xustisiya”, “Urakan”, “Ximnasiya”, “Qodoy Krus” kimi klublarda da baş məşqçi kimi çalışıb.

Sonda onu da qeyd edək ki, “Valyadolid”in əsas sahiblərindən biri Braziliya millisinin əfsanəvi hücumçusu Ronaldo Nazariodur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: